"Yaponiya-Azərbaycan Dostluq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib  

15:20 11.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illik yubileyi ilə əlaqədar bu gün ağacəkmə aksiyası keçirilib.

Hafta.az-ın yazdığına görə, aksiya “Yaponiya-Azərbaycan Dostluq İli”nin açılış tədbiri kimi ilboyu keçiriləcək silsilə tədbirlər üçün başlanğıc tədbiri olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yaponiyanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə adıçəkilən nazirliyinin rəsmiləri, Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi, “Itochu” şirkətinin Bakı ofisinin rəhbəri Yasuhiro Nakajima, ekokönüllülər, Bakı Dövlət və Azərbaycan Dillər universitetlərinin, eləcə də ADA Universiteti Sakura Klubunun tələbələri, “yapon.az” yapon dili və mədəniyyəti mərkəzinin tələbələri, Zirvə Liseyi və 225 saylı orta məktəbin müəllim və şagird kollektivi və digər Yaponiyasevərlər iştirak edib.

İki ölkə arasındakı qarşılıqlı əlaqələrə simvolik töhfə vermək məqsədilə keçirilən aksiya zamanı Bakının Müşfiqabad qəsəbəsinin 3 hektar ərazisində Abşeron yarımadasının iqliminə uyğun, müxtəlif növlərdə olan 3 min ağac əkilib.

Qeyd edək ki, bu il sentyabrın 7-də Azərbaycanla Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Bu məqsədlə 2022-ci il “Yaponiya-Azərbaycan Dostluq İli” kimi qeyd olunur və bir sıra silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.